Tərtər rayonunda silsilə tədbirlər davam edir – ÖZƏL

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib.
Konfransda əvvəlcə icra başçısı rayon ictimaiyyətini  Ramazan bayramı münasibətilə təbrik edib,  dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən, rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərdən, kənd təsərrüfatı işlərinin gedişindən, kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma qrafiklərinin tərtib olunmasında iştirakının təmin edilməsindən və buraxılış imtahanların keçirilməsi nəzərdə tutulan imtahan binalarının dezinfeksiya edilməsi işlərindən danışılıb.
Rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq sakinlərin ictimai yerlərdə, parklarda, çayxana və kafelərdə kütləvi toplaşmaması, şəxsi gigiyenik qaydalara əməl etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməlidir.
Konfransda həmçinin sakinlərlə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsələlərə də toxunulub, bu sahələrdə qanunazidd hallara yol verən bir neçə İƏD üzrə nümayəndəyə töhmət və xəbərdarlıq elan edilib
Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid səpini, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə bağlı məlumatlar dinlənilib, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu sahələrdə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib.






Tərtər rayonunda əhalinin çoxluq təşkil etdyi yerlərdə dezinfeksiya işləri davam etdirilir














İpəkqurdunun saxlanma şəraiti ilə tanış olundu

Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının demək olar ki, bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.
Bu gün Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və Tərtər Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev rayonun kəndlərində ipək qurdu saxlayan kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olub. Mövcud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazimi tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, 2019-cu ildə rayonda 18 min 322 kiloqram barama istehsal edilib. Bu il isə 20 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 500 qutu barama qurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.



DÖVLƏT HƏMİŞƏ ÖZ VƏTƏNDAŞININ YANINDADIR

Azərbaycan Respublikasında hər şeydən yüksəkdə insan amili dayanır. Dövlətimizin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin də əsas qayəsini və plazmasını insan amili təşkil edir. Ölkə Konstiyusiyasında da insan hüquqlarının və azadlıqlarının qorunması əsas ana xətt kimi təsbit olunur.
Ölkə başçısı cənab İlham Əliyevin: “Dövlət həmişə öz vətəndaşının yanındadır” və “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadələri də məhz vətəndaş qədirbilənliyindən qaynaqlanır.
Azərbaycanda görülən işlərin ümumi məcmusu yekun nəticədə insanların maddi rifah və sosial vəziyyətlərinin daha da yaxşılaşmasına hesablanır və diqqət bu mühüm istiqamətə yönəlir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik  artım oldu.
Həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi.
600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min kiçik ailə təsərrüfatlarının qurulmasına başlanılıb.
82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.
Beləliklə, pandemiya ilə əlaqədar həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.
Pandemiya dövründə ölkəmizdə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrıldı.
Həmçinin muzdlu işçilərin iş yerləri qorundu, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərildi, onlara geniş vergi güzəştləri verildi, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti təmin olundu və faizləri subsidiya edildi.
Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
Kölgə iqtisadiyyatı həm də qeyri rəsmi iqtisadiyyat adlandırılır. Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən hissəsi olub, dövlət nəzarətindən və uçotundan kənarda qalır. O, iqtisadiyyat müşahidə olunmayan, rəsmi qeydiyyata düşməyən hissəsini əhatə edir.
Kölgə iqtisadiyyatı həmçinin özündə qeyri-leqal, kriminal və qanunla qadağan edilən iqtisadi sahələri də əhatə edir, lakin onlarla məhdudlanmır.
Kölgə iqtisadiyyatı – inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Bu sahibkarlıq fəaliyyətinin gəlirləri vergiyə cəlb olunmur (vergidən yayınır). Mahiyyət etibarı ilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur.
Azərbaycanda “kölgə iqtisadiyyatı”nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir.
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.
Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
Yalnız aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır. Dövlətin biznesdən və əhalidən gözləntisi-fəaliyyətin tam şəffaflaşdırılmasıdır.
Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar…”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
Pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, Tərtər rayonunda həyat öz axarı ilə davam etmişdir. Belə ki, 2020-ci ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 39 milyon 565.7 min manat olmuşdur. 2019-cu ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 30.7 faiz artmışdır.
Kənd təsərrüfatının məhsulunun həcmi 1.6 faiz, sənaye məhsulunun həcmi 0.1 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 9 faiz artmışdır
Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 13 milyon 255.8 min manat təşkil etmişdir ki, onun 12 milyon 245.7 min manatı tikinti-quraşdırma işlərinə yönəlmişdir. İnvestisiyaların həcmi keçən ilin müvafiq dövrünə nisbətən 3.6 dəfə artmışdır. Rüb ərzində 580.6 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Orta aylıq əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 39.5 faiz artaraq 409.1 manat təşkil etmişdir.
Rayonda 2020-ci ilin birinci rübündə 249 yeni iş yeri açılmışdır ki, onun 58-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 6-sı mövcud müəssisə və təşkilatlarda, 185-i isə digər tədbirlər üzrə yaradılmış iş yerləridir. Bundan başqa yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 110 olmuşdur.
Həmçinin pandemiya dövründə rayonda 190 nəfər işsiz vətəndaş iki ay müddətinə ödənişli ictimai işlə təmin olunmuş, 7000 nəfərə yaxın imkansız və az təminatlı ailələr 190 manat maddi yardım almışlar.
Tərtər rayon ərazisində 1 aprel 2020-ci il tarixədək Ünvanlı dövlət sosial yardım təyin olunmuş aztəminatlı ailələrin ümumi sayı 942, onların ailə üzvülərinin sayı isə 3899 nəfər olmuşdur. Bu ilin aprel ayında Ünvanlı dövlət sosial yardım təyin olunmuş aztəminatlı ailələrin sayı 66, onların ailə üzvülərinin sayı isə 277 nəfər təşkil etmişdir.
Pandemiya dövründə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən şəhərin bütün prospekt və küçələrində eləcə də, qəsəbə və kəndlərində, həmçinin idarə, müəssisə, təşkilatlarda və yaşayış binalarında həftədə 2 dəfə olmaqla Pandemiyaya qarşı dezinfeksiya profilaktika tədbirləri görülmüşdür. Hazırda bu tədbirlər davam etdirilir.
Nəinki yalnız pandemiya dövründə, ümumiyyətlə, bütün zamanlarda dövlətimiz həmişə öz vətəndaşının yanında olmuş, onların qayğılarının və problemlərinin həllinə yaxından dəstək göstərmişdir. Bu dəstək xalq tərəfindən razılıqla qarşılanır və dövlət-vətəndaş həmrəyliyini nümayiş etdirir.

Tofiq YUSİF,
“Yeni Tərtər” qəzetinin baş redaktoru