Biz tarixi həqiqəti bərpa etmişik…

Biz tarixi həqiqəti bərpa etmişik…

Bu gün bunlar hər bir azərbaycanlının qürur hissi ilə, sevinc göz yaşları ilə bütün dünyaya dediyi ifadələrdir. Əminliklə deyə bilərik ki, bunları deməyə hər bir azərbaycanlının haqqı çatır. Çünki bizim Ordumuz, xalqımız və sərkərdəmiz hər hansı bir ölkənin, xalqın torpağını işğal etmək uğrunda döyüşlərdə deyil, vətənpərvərliyin, igidliyin, cəsurluğun və sevginin ən uca zirvəsi olan doğma yurd, torpaq uğrunda, ədalətin bərpa olunması uğrunda aparılan mübarizədə qalib gəlmişdir. Biz düz 30 il həsrətlə bunu gözlədik. Atəşkəs əldə olunduğu 27 il müddətində səbir, dözümlülük nümayiş etdirdik. Dünyanın ən ali beynəlxalq təşkilatlarının, orqanlarının çıxardıqları Qətnamələrin, qəbul etdikləri Qərarların icrasında, haqq-ədalətin bərpa olunmasında qanunların aliliyinə hörmətin olduğuna inandıq. Sözün qüdrətinin silahın gücündən üstün olmasına inandıq. Lakin bir şeyi unutmuşduq-qarşımızdakı düşmənin insan övladına xas olmayan vəhşiliyini. Qarşındakı düşmən mərd olanda ölmək və öldürmək eyni hisslər yaşadır insanda. Amma bu gün şanlı Azərbaycan əsgəri cəbhə xəttində düşməni Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “iti qovan kimi qovur”. Bu gün Azərbaycan əsgəri düşmənlə onun “dilində danışmaq”la kim deyil, nə olduğunu ona sübut edir.
Hər bir xalqın tarixində qürurverici, yadda qalan günlər olur. Son günlər cəbhə boyu əks hücuma keçən Azərbaycan əsgəri Azərbaycanın şanlı tarixini yazmaqdadır. Bu gün Azərbaycan əsgəri 30 il həsrətlə gözləyən Cəbrayıllıların, onlarla kənd və yaşayış məskənimizin sakinlərinin qəlbindəki ümidi gözlərindəki sevinc yaşları ilə əvəz etdi. Bununla yanaşı, əsgərimiz, təkbaşına bütöv bir orduya qarşı hücuma atılaraq düşməni darmadağın edib qanına qəltan edən Mübarizin şəhid olduğu məkanda bir daha ermənini qanına boyayaraq qəhrəmanımızın valideynlərinə təskinlik verdi.
Əslində əsrlər boyu düşmən təcavüzünə məruz qalan xalqımız tarixin bütün sınaqlarından üzüağ çıxmışdır. “Qəhrəmanları tarix yetişdirər” – deyiblər. Bu gün qəhrəmanlıq salnaməsi yazan Azərbaycan əsgəri ata və babalarımızn tarix boyu dastanlara çevrilən igidlik kitablarına yeni səhifələr artırırlar. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri dəfələrlə NATO sülhməramlıları ilə birgə dünyanın ən qaynar nöqtələrində sülhün, ədalətin bərpa edilməsində, atəşkəs rejiminə əməl olunmasında, günahsız insanların həlak olmasının qarşısının alınmasında iştirak edib. Bu gün bu missiyanı öz torpağında yerinə yetirən Azərbaycan əsgərinin heç bir hərbi dəstəyə ehtiyacı yoxdur. Daim regionda sülhün təminatçısı qismində çıxış edən qardaş Türkiyədən yalnız mənəvi dəstək alan xalqımız və igid oğullarımız düşmənə ağır zərbələr vurmaqla güc üstünlüyünün Azərbaycan tərəfində olduğunu nümayiş etdirdilər.
Son günlər cəbhə boyu yaşanan hadisələr, 30 il müddətində beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətinə göz yumması nəticəsində düşmənin bundan istifadə edərək hərbi qulluqçularla yanaşı mülki vətəndaşlarımızın ölümü ilə nəticələnən çoxsaylı təxribat xarakterli hücumlarına verilən adekvat cavabdır. Oktyabr ayının 4-də xalqa müraciəti zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi – “Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir”.
Bu gün təlaş içərisində qalan düşmən dünya ictimaiyyətindən yalvarışlarla kömək istəyir. 30 il haqq-ədalətin tapdanmasına, erməni təcavüzünə, beynəlxalq hüquq normalarının ermənilər tərəfindən pozulmasına, beynəlxalq təşkilatların qətnamə, qərar və çağırışlarına düşmən tərəfindən əməl olunmamasına göz yuman dünya birliyi Azərbaycanın haqq sözü qarşısında əlacsız vəziyyətdə qalıb. 30 il sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. Öz doğma Vətənində qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyon soydaşımız yurd həsrəti ilə yaşayıb.

Şuşanın azad olması günü artıq yeni Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olaraq yaddaşlara həkk olundu. Həmin gün 30 ilə yaxındır ki, həsrətlə gözlədiyimiz, bəlkə də bəzilərinin artıq gözləməkdən də əl çəkdiyi müjdəli xəbərin gəldiyi gündür. Həmin gün Azərbaycanın qanayan yarası, Qarabağın incisi, mədəniyyət beşiyimiz Şuşamızın işğaldan azad olunduğu gündür.
Hər bir azərbaycanlı, Şuşanın işğaldan azad edilməsi xəbərini illərdir ki gözləyirdi. Qarabağlı ya da Şuşalı olub-olmamasından asılı olmayaraq 8 noyabr tarixi bundan sonra hər birimiz üçün əlamətdar gün olacaq. Çünki biz bilirik ki, Şuşa adi torpaq parçası deyil. Şuşa Azərbaycanın mədəni rəmzidir və bütün Azərbaycan xalqının kimliyinin ayrılmaz parçasıdır.
Ölkə başçımız Ali Baş Komandan İlham Əliyev bu xəbəri Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycan xalqına müraciətində dedi. Əlbəttə ki, bu da əbəs deyil. Çünki Vətənin hər bir qarışının azad edilməsi əsgərlərimizin, zabitlərimizin, şəhidlərimizin canı, qanı bahasına başa gəlir. Ölkə başçısı da çıxışında bunu xüsusilə vurğulayaraq demişdir: “Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”.
Bəli, biz hər birimiz onlara minnətdarıq. Vətən müharibəsinin qəhrəmanları məhz onlardır. Onu da qeyd etmək istəyirəm ki, bu müharibə Azərbaycan xalqının lazım gələrsə bir yumruq kimi necə birləşdiyini də əyani göstərdi. Azərbaycanda yaşayan hər bir kəsin milliyətindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq Vətən uğrunda canından keçməyə hazır olduğunu göstərdi. Bugün şəhidlərimiz arasında milliyəti azərbaycanlı olmasa da qəlbi Azərbaycanla döyünən rus, yəhudi və digər etnik mənsubiyyəti fərqli olan vətəndaşlarımız da var. Biz onların hər biri ilə fəxr edirik. Azərbaycan xalqı öz övladları ilə fəxr edir.
Şuşanın azad edilməsi xəbərinin elan olunmasından saatlar sonra bu xəbəri qeyd etmək üçün ölkənin dörd bir tərəfində insanlar küçələrə axışdı. Hər kəs sevincini fərqli şəkillərdə göstərdi. Və yenə də xalqımız öz kədərini bölüşdüyü kimi, öz sevincini də bölüşmək üçün Şəhidlər xiyabanına axın etdi. Amma bu dəfə hər şey daha fərqli idi. Çünki şəhidlərimizin intiqamı alındı. Onların qanları yerdə qalmadı. Şəhidlərimizin uğruna canlarından keçdikləri Vətən torpaqları artıq azadlığına qovuşur. Bugün nəhayət Şəhidlərimizin, Ulu Öndərimizin ruhu şaddır!
Azərbaycan əsgəri güc, iradə, qətiyyət, cəsarət göstərərək öz əzəli torpaqlarını işğaldan azad edir. Bugünlərdə rus mətbuatında dərc olunan bir yazı hər birimizdə böyük qürur və fəxr hissi yaratdı. “Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxırdılar…”. Bəli Azərbaycan Ordusu öz torpaqlarını bu cür aldı. Canını qurban verərək, qan tökərək. Ölkə başçısının da dediyi kimi, torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!
Azərbaycan artıq illərdir ki bu zəfərə hazırlıqlar görür. Siyasi müstəvidə danışıqlar aparıldığı qədər, hərbi müstəvidə də işlər görülür. Ali Baş Komandan dəfələrlə vurğulamışdır ki, Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Məhz ölkə başçımızın uzaqgörən siyasətinin nəticəsidir ki, bugün Azərbaycan Ordusu dünyanın ən qabaqcıl 50 Ordusu siyahısındadır. Bugün Azərbaycan Ordusunun hərbi arsenalında olan silahlar dünyanın bir çox ölkəsinin arzusunda olduğu müasir silahlardır. Aydındır ki, bir çox halda o silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik və siyasi səylər göstərilməlidir. Və Azərbaycanın Ali rəhbərliyi bunu edir. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir.
Xüsusilə vurğulamaq istəyirəm ki, Şuşanın azad edilməsi onsuzda əlimizdə olan psixoloji üstünlüyü daha da artırdı. Qələbəyə olan inancımızı zirvəyə qaldırdı. Bu qələbə Azərbaycanı qarşısında duran məqsədə bir addım daha yaxınlaşdırdı. Şuşanın azad olunması Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması deməkdir. Bəlkə də bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə qələbəsi deməkdir. Şübhəsiz ki, Şuşaya nəzarət Azərbaycana həm siyasi meydanda, həm də hərbi məkanda istədiyini əldə etmək üstünlüyünü verəcək.
Sonda bir daha demək istəyirəm ki, gözün aydın Azərbaycan! Gözün aydın dünya azərbaycanlıları! Eşq olsun bizim əsgərlərimizə! Çox keçmədi bu xoş xəbəri Ağdamdan, Xocalıdan, Laçından Kəlbəcərdən, Xankəndindən aldıq. Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Manaf Səmədzadə

Yardımlı rayon təhsil şöbəsinin müdiri