Respublika Neyrocərrahiyyə Xəstəxanasına direktoru Fərhad Rüfət oğlu Həsənov: Heydər Əlirza oğlu Əliyevin azərbaycan səhiyyəsində əvəz olunmaz fədakarlığı göz qabağındadır…
Müstəqilliyin ilk illərində səhiyyənin maliyyələşdirilməsi, daha dəqiq desək, ona lazımi səviyyədə maliyyə vəsaiti ayırmaq imkanının olmaması ən çox narahatlıq doğuran problemlərdən biri idi. Məhz buna görə də Heydər Əliyev həm səhiyyəyə əlavə vəsait cəlb etmək, həm də bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə səhiyyəni bir fəaliyyət növü kimi liberallaşdırmaq üçün özəl səhiyyə sisteminin tətbiqinə şərait yaratdı. Onun bilavasitə göstərişlərinə əsasən bu istiqamətdə hüquqi–normativ baza olan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Ulu öndərin ölkəmizdə səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri olan özəl səhiyyə sisteminin tətbiqi həm də tibb işçilərinin maddi rifah halının yaxşılaşması üçün imkanlar açdı—xüsusi mülkiyyətdə olan tibb müəssisələrində 10 min nəfərədək işçi, o cümlədən 2500 həkim və 4000 orta tibb işçisi işlə təmin edildi. Özəl və dövlət tibb müəssisələri arasında rəqabət yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəldi, bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan oldu.
Ümummilli lider Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz doğma yurdunu tərk etməyə məcbur olmuş qaçqın və məcburi köçkünlərin tibbi təminatı ilə bağlı problemlərin həllini də daim diqqət mərkəzində saxlayır, onlara lazımi tibbi xidmətin göstərilməsi ilə əlaqədar göstərişlər verir, bu məsələləri ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirə edirdi. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələri də daim onun nəzər–diqqətində idi. Heydər Əliyevin tövsiyəsinə uyğun olaraq, 1994–cü ildən etibarən şəhid ailələri Azərbaycanın bütün bölgələrində tibb müəssisələrinin himayəsinə götürüldü, hər ailədən bir nəfərə 18 yaşına çatana qədər hər ay orta aylıq əmək haqqı məbləğində müavinət verildi.
Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görüldü, o cümlədən bir sıra tibb müəssisələrində təmir–tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. O illərdə bu sahədə ən diqqətəlayiq hadisələr—Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu.
Beləliklə, tərəddüd etmədən deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda ümummilli liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Əlamətdardır ki, son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500–dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi–texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Məhz elə buna görə də Prezident İlham Əliyev ölkə səhiyyəsinin inkişafının qiymət verərkən demişdi: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.
Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Heydər Əliyevin tibb kadrları üzrə siyasətinin davamı olaraq bu gün yüksək ixtisaslı kadr hazırlığına çox böyük önəm verilir. Tibb təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin sertifikasiyası və mərkəzləşmiş imtahanla işə qəbulu da məhz buna xidmət edir. İndi yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər.
Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur.