Heydər Əliyev və Azərbaycanda İqtisadi Dirçəliş
Heydər Əliyev və Azərbaycanda İqtisadi Dirçəliş
Biz respublikamızda hüquqi – demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu və bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlib genişlənməsi üçün zəmin yaratdı. Lakin tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.
Müstəqilliyimiz düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bunun isə kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi. Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı fəlakətli dərəcədə azalmışdı. Elə gün olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi.
Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Tarixdən yaxşı məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı”.
Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsi”nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin: Müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi; inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması; qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.
Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.
Totalitar sosialist sisteminin süqutu nəticəsində yaranmış yeni müstəqil dövlətlər qarşısında duran problemlərin orijinallığı və tarixdə mövcud olmuş iqtisadi sistemlərin heç birində analoqu olmaması dünya iqtisadi və siyasi ədəbiyyatına bu ölkələrin real durumunu və perspektivlərini əks etdirən yeni bir termin “keçid iqtisadiyyatı ölkələri” terminini də gətirdi. “Keçid” anlayışı yalnız iqtisadi termin deyildir və cəmiyyətin bütövlükdə mövcud siyasi, iqtisadi və sosial quruluşundan imtina edildiyi və hələlik yenisinin yaradılmadığı bir vəziyyəti ifadə edir, cəmiyyətin sosial-iqtisadi strukturunun transformasiya prosesində olduğunu göstərir. Problemin çətinliyi bir də onda idi ki, totalitar rejimin 70 illik despotik hakimiyyəti dövründə cəmiyyət demokratiya, sərbəst bazar iqtisadiyyatı, azad sahibkarlıq, siyasi plüralizm və bu kimi digər çağdaş dəyərlərdən uzaq məsafədə saxlanılmışdır, üstəlik əhalidə uzun illər boyu xüsusi mülkiyyət, bazar iqtisadiyyatı, sahibkarlıq anlayışlarına mənfi münasibət formalaşdırılmışdır. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, cəmiyyət “dövlət, demokratiya, millət, kimlik, ideologiya, siyasət və iqtisadiyyat kimi həyati əhəmiyyətli məsələlərin yenidən qurulmasını bir vəzifə kimi qarşıya qoysun” və uğurla həll etsin.
Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı – modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi”.
Doğma Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı. 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlandı. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu.
İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.
Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.
Beləliklə, iqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formalaşması və inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial-iqtisadi inkişaf trayektoriyası yüksək dərəcədə perspektivlidir.
“Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa çatdıra bilmişdir. Hazırda bu, liberal, müstəqil, davamlı, öz ehtiyatlarına əsaslanan iqtisadiyyatdır”.
İlham Əliyevin apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev əməllərinin davamıdır. Bu siyasətin məğzində Azərbaycanın iqtisadiyyatının inkişafı və əhalisinin yaxşı yaşaması əsas meyarlardan biridir. Azərbaycan və Azərbaycan xalqı var olduqca, Heydər Əliyev əməlləri və ideyaları daim yaşayacaq və qorunub saxlanacaq.
Rəfail Tağıyev
H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin rəhbəri