Əllərdə qalan özəlləşdirmə çekləri dövriyyəyə qaytarıla bilər? – Deputatlar hökumətə çağırış etdi

Əllərdə qalan özəlləşdirmə çekləri dövriyyəyə qaytarıla bilər?
Azərbaycanda əllərdə qalan özəlləşdirmə paylarının (çeklər) istifadəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Dövlət sifarişi ilə xaricdə hazırlanan və qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon özəlləşdirmə çeki (8 milyon özəlləşdirmə payı) və 19 210 570 ədəd opsion ölkəyə gətirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib.

Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədilə tədavül müddəti bir neçə dəfə uzadılıb. Nəticədə prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. Sonuncu dəfə isə 23 dekabr 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb.

Qeyd olunan çeklərin dövlət əmlakından bir hissə olduğunu nəzərə alsaq, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların məlum etirazı başadüşüləndir. Çünki özəlləşdirmə çeklərinin dövriyyəsi bərpa olunmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də azsaylı firmalarda olsa da, əhalinin də sərəncamında müəyyən sayda çeklər qalır. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilib. Özəlləşdirmə çeklərinin hazırkı dəyəri isə heç kimi qane etmir. Bir neçə il əvvəl Milli Məclisin iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunsa da, gözlənilən qərar hələ də qəbul edilməyib.

Maraqlıdır, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması iqtisadi və sosial vəziyyətə necə təsir edə bilər? Ümumiyyətlə, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması, vətəndaşların özəlləşdirmə prosesində iştirak hüququ hansı müsbət tendensiyalara səbəb ola bilər?

Cebhe.info-ya açıqlamasında vəkil Adəm Məmmədov bildirib ki, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşları nəzərə alaraq, bu çeklərin dəyəri olmalı və onlara qiymət qoyulmalıdır:

“Özəlləşdirmə çekləri dövriyyədə olduğu vaxtlar vətəndaşların heç birinin hansısa bir özəlləşdirmədə iştirakı real baş tutmadı. Bu, formal xarakter daşıdı. Ümumiyyətlə, bununla bağlı dövlətin ciddi nəzarəti də olmadı. Özəlləşdirmə çeklərinin ucuzlaşdırılmasında manipulyasiya baş verdi. Müəyyən şəxslər rəhbərlik etdiyi müəssisədə özlərinin xeyirlərinə olan özəlləşdirmə çeklərini özəlləşdirdilər. Yəni, özəlləşdirmə çeklərin ilə bağlı proses şəffaf həyata keçirilmədi və ciddi nəzarət baş tutmadı. Bizim cəmiyyətimiz çox şeylərə hələ hazır deyil. Çünki insanlarımız adi yaşadığı mənzildə komendantı belə düzgün təyin edə bilmir. Ona görə ki, ədalət hissi zəifdir. Bütün hallarda hər şeyi dövlət istiqamətləndirməlidir”.

Vəkilin fikrincə, vətəndaşların əlində qalan özəlləşdirmə çekləri bəlkə də dəyər qazana bilər:

“Əslində vətəndaşlara verilən özəlləşdirmə çeklərinin kağız parçasına döndərilməsi bir rüsvayçılıqdır. Bu çeklərin dəyəri olmalı və onlara qiymət qoyulmalıdır. Özəlləşdirmə çeklərinin vətəndaşlara paylanmasından belə çıxdı ki, aparılmış proses insanların başını qatmaq üçün oyundur və buna görə indi adi kağız parçası kimi vətəndaşların evində qalıb”.

Milli Məclisin deputatı Aqil Abbas isə saytımıza açıqlamasında vurğulayıb ki, özəlləşdirmə çeklərini vaxtilə çox insan istifadə edə bilmədi, əksəriyyəti də məcbur olub su qiymətinə, dəyər-dəyməzinə satdı:

“Elə adamlar var ki, bu çeklərdən istifadə edə bilmədi. Biri də mən. Hər halda özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması vətəndaşların xeyrinədir. Çünki onlar özəlləşmədə iştirak edə və ya çekləri iş adamlarına heç olmasa normal qiymətə sata bilərlər”.

Milli Məclisin digər deputatı Azər Badamovun fikrincə, çeklərə sahib şəxslərə dəstək olmaq üçün bu məsələyə dövlət səviyyəsində yenidən baxılması zəruridir:

“Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasında məqsəd dövlət əməlakının özəlləşdirilməsindən vətəndaşlara pay verilməsi idi. Özəlləşdirmə çeklərinin üzərində istifadə müddəti qeyd olunmuşdu. Amma buna baxmayaraq, cəmi 13 il bu çeklər dövriyyədə oldu və çeklərlə çoxlu dövlət əmlakları özəlləşdirildi. Bununla yanaşı, özəlləşməyə cəlb olunmamış çox sayda çek vətəndaşların əlində qalır. Bu vətəndaşlar ümidlə yenidən çeklərin dövrüyyəyə buraxılacağı gününü gözləyirlər. Yaxşı olardı ki, hökumət bu məsələni bir daha nəzərdən keçirsin və dövlət əmlakının özəlləşdirilməsində çeklərin iştirakına şərait yaradılsın”.