İmtahansız ali məktəblərə qəbul: – Azərbaycanda tətbiqi mümkündürmü?

İmtahansız ali məktəblərə qəbul:
Bir çox Avropa ölkələrində ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq mümkündür. Xüsusən, İngiltərə, Fransa, Almaniyada şagirdlərin orta məktəb göstəriciləri əsasında universitet seçmə imkanları var.

Zaman-zaman Azərbaycanda da ali məktəblərə qəbul qaydasının dəyişdirilməsi, imtahanların ləğvinə dair məsələlər müzakirə olunur. Qardaş ölkə Türkiyədə də bu yaxınlarda Milliyyətçi Hərəkat Partiyasının sədri, deputat Dövlət Bağçalı qəbul imtahanlarının ləğv olunmasını təklif edib.

Bəs Azərbaycanda imtahansız qəbul prosesi aparıla bilərmi? Belə halda hansı nəticələr ortaya çıxar?

Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, hazırkı dövr üçün Azərbaycanda imtahansız ali təhsil müəssisələrinə qəbul sistemi real görünmür:

“Dünyanın əksər ölkələrində universitetlərə qəbul müəyyən kriteriyalar əsasında həyata keçirilir. Çünki universitetlərin təhsil vermək istədikləri say limitlidir. Dolayısı ilə həmin limitli şəxsləri seçmək üçün müəyyən göstəricilər olmalıdır. Bizdəki sistem isə kifayət qədər mütərəqqi bir sistemdir. Daha əvvəl imtahanlar 1 dəfə keçirilirdi. Sonradan universitetlərə qəbul prosesinə orta məktəb nəticələri də təsir göstərsin deyə, buraxılış (300 bal) və qəbul (400 bal) imtahanları şəklində 2 hissəyə bölündü. Hər 2 imtahandan toplanan balların nəticələrinə əsasən isə ali məktəblərə qəbul keçirilir.

Düşünürəm ki, hazırkı dövr üçün Azərbaycanda imtahansız qəbul formasının tətbiqi məntiqli seçim olmaz. Məsələn, BDU-nun Hüquq fakultəsində minlərlə abituriyent oxumaq istəyirsə, bu, imtahansız necə ola bilər? Akademik, orta məktəb göstəricilər və ikinci imtahan nəzərə alınmalıdır. Bunu 1 imtahanla etsək, müəyyən ədalətsizliklər ola bilər. Düzdür, bəzi ölkələrdə bu baxış var ki, universitetlərə daxil olmaq üçün qapısı açıq, amma məzun olmaq üçün çətin olsun. Lakin belə təfəkkürdə olan universitetlər əhali sayına görə çox olan ölkələrə məxsusdur. Bizim ölkədə imtahansız qəbul daha sonradan tələbələrin oxuya bilməməsi, göstəricilərinin zəif olması kimi hallara gətirib çıxara bilər. İmtahan ən azından bu işə zəmanət verir. Müəyyən savadı olanlar seçilir və tədris prosesinə davam edir”.

Ekspert əlavə edib ki, Azərbaycanda xarici tələbələr üçün qəbul prosesi fərqlidir:

“Onların buraxılış, lisey ortalaması, ingilis dili səviyyəsi və s. yoxlanılır. Sadəcə burada seçimi universitet özü edir. Amma yerli tələbələr üçün mərkəzi yerləşdirmə sistemi var. Çünki abituriyent bir neçə universitet seçir və balına uyğun ora düşür. Əgər başqa cür olsa xaos yarana, müəyyən söz-söhbətlər ola bilər.

Düşünürəm ki, hazırda ən ideal variant elə imtahanla qəbuldur. Təbii ki, imtahan şəkli dəyişdirilə, sual sistemi təkmilləşdirilə bilər. Yerlərin məhdud, müraciətlərin çox olduğu bir yerdə təhsil sistemindəki kriteriyalar, imtahan nəticəsi sağlam olmalıdır”.