Böyük qayıdışın təntənəsi

Böyük qayıdışın təntənəsi

İşğaldan azad olunmuş torpaqlarda icra olunan ilk layihə Füzuli-Şuşa avtomobil yolunun salınması oldu. Bu həm də Qarabağa həyatın qaytarılmasının rəmzidir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk qaranquşudur. Əminik ki, bundan sonra da üst-üstə bir çox layihələr icra olunacaq və Qarabağımız cənnət məkana çevriləcək.
Qarabağımızın işğaldan azad olunması və Ermənistanın sülhə məcbur edilməsi birbaşa Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordumuzun rəşadəti sayəsindədir. Qalib Azərbaycan Ordusu Qələbə səlnaməsi yazdı. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kəndi azad etdi. Beləliklə, düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Azərbaycanlı şanlı qələbəsi həm də təzyiqlərə rəğmən qazanılmış Qələbədir. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı.
Bugün isə artıq faşistlər, terrorçular, Azərbaycan xalqının cəlladları öz haqlı cəzalarını yaşayırlar. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi. Güc və həmrəylik rəmzi olan dəmir yumruq onların başına endi. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həmdə milli qürur məsələsidir.
Beləliklə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağa bu ilk səfəri gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandan Xudafərin körpüsündə hansı bayrağın dalğalanmalı olduğunu nümayiş etdirdi. İşğalçını diz çökdürən Qalib Prezident müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımız önündə diz çökdü, öpüb gözləri üstünə qoyaraq göylərə ucaltdı – Bir kərə yüksələn bayraq bir daha enməz! Qarabağ Azərbaycandır!

Eyni zamanda Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır! Bir müharibənin fərqli nəticələri göz önündədir. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir.
Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi möhtəşəm Qələbənin mənbəyi şübhəsiz ki, Xalq-iqtidar birliyidir. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin əyani təcəssümüdür. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olub, rəzil vəziyyətə düşüb, öz yaxın adamlarını döyüşlərdə itirmiş, qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır.

Müstəqil Demokratik Azərbaycan Respublikasının banisi Ümummilli Liderimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin şah əsəri sayılan Yeni Azərbaycan Respublikasının Prezidenti, iki əsrin sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev dünya liderləri içərisində diplomatik və siyasi fəaliyyəti ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük ədalət savaşından üzü ağ çıxaraq Qarabağımızı işğaldan azad edərək Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Şəhidlərimiz 28 il həsrətdə qalan torpaqlarımızı öz qanları ilə suvararaq vətən-torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldılar. Qəsri-Qala Şuşada yanan “Qələbə Tonqalı” şəhidlərimizin, qazilərimizin və döyüşçülərimizin vətənə olan sevgisinin əvəzolunmaz məşəli idi.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan xalqı!

 

Rəfael Mehralıyev

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri