Prezident İlham Əliyevin Qarabağa ilk səfəri Böyük Qayıdışın təntənəsidir!
Prezident İlham Əliyevin Qarabağa ilk səfəri Böyük Qayıdışın təntənəsidir!

10.11.2020. Tariximizin silinməz səhifəsinə çevrilən yeni bir təqvim. Azərbaycanın dilbər guşəsi Qarabağın işğaldan azad edildiyi, Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğu gün. 27 payızı düşmən əsarətində keçirən Qarabağımız igid vətən oğullarının cəmi 44 günlük hünəri ilə bir payız günündə yenidən bizə qayıtdı. Bu uğur, bu qələbə naminə igidlərimiz vuruşdu, şəhid, qazi – qəhrəman oldu. Şuşa qalasını dişi ilə, dırnağı ilə fəth etdi. Hər bir azərbaycanlının qəlb yarasına çevrilən Qarabağ adlı yaramız sağaldı deyə bükülmüş boynumuzu dikəltdik. Qələbə ilə gələn gecə uzun oldu. Prezidentin müraciətindən sonra qələbə sevincini yaşamaq üçün qalib ölkənin vətəndaşları gecənin bir yarısı sevincini hayqırmaq üçün küçələrə axışdı. Bu şad xəbəri hər kəs böyük coşqu və sevinclə qarşıladılar. İnsan selinə qərq olan küçələrdə uşaqdan böyüyə hamının simasında qürur hissi, qələbə sevinci, vətən sevgisi var idi. Hər kəs bir bayraq olmuşdu. Gecənin zülmətinə göy, qırmız, yaşıl bayraqların ayı, ulduzu işıq salırdı. Avtomobillərin siqnal səsləri ilə “Qarabağ, Qarabağ!” deyərək zəfər xəbərinin pişvazına çıxdı xalqım. Vətənimizin ən böyük toy büsatı quruldu. O gün hər bir azərbaycanlı ömrünün ən qürurlu anlarını yaşadı. Kiçikdən-böyüyə hər kəs qol götürüb oynadı. Azərbaycanımızın hər evindən, hər elindən, hər küçəsindən gəldi zəfər səsləri. Qarabağ sevgisi Azərbaycan sevgisinə döndü.
Yaddaşlardan heç zaman silinməyəcək o gecəni, müqəddəs torpaqlarımıza qayıdışımızı əsl toy-bayram havası ilə qeyd etdik. 10 noyabr səhərini beləcə açdıq. Səmamızda doğan qələbə günəşi də sevincimizə şərik oldu.
O xoş günümüzdə Şəhid ailələri də unudulmadı, Şəhidlər xiyabanı da. Mübarək qanları ilə vətənləşən o torpaqların işğaldan azadlığı xəbərini onlara da çatdırdıq. “Qanınız yerdə qalmadı” deyib, ruhları qarşısında baş əyərək halallıq aldıq. Döyüş meydanında şəhidlər verərək qazandığımız tarixi qələbə ilə biz aldıq yağı düşməndən qisasımızı. Bu elə bir qisas oldu ki, türkün hünəri mənfur düşmənin canına qorxu saldı, yaddaşının bir küncünə yazıldı. Yazıldı ki, bir daha dönüb qonşu torpağına baxmasın.
Dünyanın hər yerində yaşayan azərbaycanlılar, dost-qardaş ölkələrdə də qeyd edilən tarixi qələbə sevincini bizə bəxş edən isə hər şeydən əvvəl, vətən naminə bir yumruğa dönməyimiz, onlarla mülki şəxsin, yüzlərlə şəhidin ölümü bahasına da olsa, bir an belə dayanmamağımız, kədər göz yaşlarını sevinc yaşları ilə əvəz etməyimiz, sınmayan qürurumuz, ölməyən vətən sevgimiz, yenilməz ordumuz və bütün bunların memarı olan Ali Baş Komandanımız oldu.
İlham Əliyevin prezidentlik fəaliyyəti strategiyasının prioritetini təbii kimi Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Çoxsaylı görüşlər, diplomatik gedişlərin fonunda ali baş komandan Azərbaycan ordusunun güclənməsi, ən müasir silahlarla təchiz olunmasına ciddi-cəhdlə çalışır. Və təsadüfi deyil ki, bu gün ordumuz Cənubi Qafqazın ən güclü ordusudur. O, Azərbaycan əsgərinə inanır, Azərbaycan əsgəri də ali baş komandanın əmrinə müntəzir olaraq, torpağı uğrunda canından keçməyə hazırdır. Onun təkcə hərbi deyil, digər sahələrdə də qətiyyəti Azərbaycanın uğurları ilə nəticələnir.
Vətəndaşlarımıza, bütün dünya azərbaycanlılarına tarixi Qələbə hissi yaşadan Prezident İlham Əliyevə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının Qələbədən sonra Bakıda getdiyi ilk ünvan yaralı hərbçilərimizin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəz oldu. Bu, Azərbaycan xalqına neçə-neçə ilklər yaşatmış Liderin xalq və Vətən sevgisinin göstəricisidir. Beləliklə, Prezident sevincini öz əsgəri və öz xalqı ilə bölüşdü. Məhz xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev hər zaman ümumxalq məhəbbəti ilə əhatə olunub. Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri Böyük Qələbəmizin nidasıdır. “Qarabağ Azərbaycandır və nida” bəyanatı səsləndirildiyi vaxtdan milli şüara çevrildi, dillər əzbəri oldu, nəhayət, hökmə çevrildi, Azərbaycanın “dəmir” yumruğu ilə təsdiq və təsbit olundu.
Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir..
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində yeni-yeni nailiyyətlər, uğurlar arzu edirəm. Yaşasın cənab prezident!
Nizami Mayılov
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi
PS: Araşdırmalarımızdan məlum oldu ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami müəllim öz işinin peşəkarı olmaqla yanaşı dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətinin dəstəkləməklə yanaşı vətənaşlarımızın qayğısına qalır. Vaxtaşırı kimsəsiz ailələrə, Şəhid ailələrinə, Qarabağ veteranlarıyla görüşərək onların problemləri ilə yaxından tanış olub həlli üçün əlindən gələnini əsirgəmir. Nizami müəllim pandemiya qaydalarını çox yüksək səviyyədə əməl edərək, vətəndaşlarımızın sağlamlıqlarının qorunmasında öz müsbət keyfiyyətləri ilə öndə gedən məmurlarımızdandır. Bizdə redaksiya olaraq Nizami müəllimə gələcək işlərində uğurlar arzulayırıq.
Yeganə Nəsirova
Təsisçi-Baş redaktor