ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ

ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ

Həftə ərzində 7 gün , gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Eyni zamanda, hər bir insanın “tərcümeyi-hal”ında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, deyəsən, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur. Bəs bu bayram günlərində kim bütün günü təhlükəsizliyin keşiyində dayandı, başqasının malını, mülkünü, ailəsini qorumaq üçün öz canını, qanını əsirgəmədi, təhlükənin üzərinə getdi? -Təbii ki, polis! Qeyd etmək lazımdır ki, bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. Adam bəzən hissə qapılır və polisin fəaliyyətində riskin miqyasını görə, qiymətləndirə bilmir. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır. Əslində polisin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Amma müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.

nkişaf edən dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Amma daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə də, polis peşəsi çətin və şərəfli olaraq qalır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Məhz ümummilli liderin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, polis müstəqil Azərbaycanın dövlətçlik tarixində sabitliyin, ictimai rifah və ictimai təhlükəsizliyin qarantına çevrildi. Birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir. Fəlsəfədə deyilir ki, fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm də kamil olmalıdır, xidmətinə qanun çərçivəsində, həm də yaradıcı yanaşmağı bacarmalıdır. Azərbaycan polisi də öz xidmətinə bu cür yanaşır, nəticələr də göz qabağındadır.

Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu gün Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun doğum günüdür. Bu münasibətlə cənab Nazirimizi öz adımdan və bütün polis əməkdaşları adından ürəkdən təbrik edir, uzun ömür, can sağlığı və peşəkar fəaliyyətində uğurlar arzulayıram.

 

Həmid Həsənov

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi

Polis-polkovniki