Prezident İlham Əliyev energetika sahəsinə xüsusi diqqət və qayğı göstərir
Prezident İlham Əliyev energetika sahəsinə xüsusi diqqət və qayğı göstərir
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. İcra olunan layihələrin nəticəsində strateji əhəmiyyət kəsb edən sahələr də yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu baxımdan son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər də miqyası və əhəmiyyəti ilə seçilir. Respublikanın enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması baxımından həyata keçirilən tədbirlər isə ardıcıl və kompleks şəkildə davam etdirilir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin müasir səviyyədə yenidən qurulması da bunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir və bunun nəticəsində hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir.
Energetika sahəsində yenidənqurma-təmir işləri başlamış və uğurla başa çatdırılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bizim infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımlarımız məhz energetika sahəsinə də aid idi. Hələ 2004-cü ildə regionların birinci sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi. Bu, təbii idi. Çünki o vaxt biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Biz xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi ki, ölkəmizi elektrik enerjisi ilə təmin edək.
Beləliklə, biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı.
“Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək.
Möhtərəm cənab Prezidentin, xüsusi diqqət və qayğı göstərərək biz energetiklərə böyük ruh, fərəh verdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün energetiklər adından Sizə bir daha söz veririk ki, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı daim təmin ediləcək, evlərimizdə gur işıqlar yanacaq.
Ziyəddin Quliyev
“Azərenerji” ASC-nin vitse-prezidenti