ZƏFƏR CARÇISI

ZƏFƏR CARÇISI

2020-ci il noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün olaraq yaddaşlara həkk olundu. Böyük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Həmin gün Azərbaycanın ən yeni tarixi yazıldı, qələbəmiz tariximizə qızıl hərflərlə həkk olundu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sözügedən Bəyanatla bağlı bildirmişdir: “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Və beləliklə, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Müqavilə bir çox mənada tarixə iz qoydu. İlk olaraq ona görə ki, bu müqavilə ilə Azərbaycan son iki yüz illik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. İmzalanan bəyanat bizim şanlı qələbəmizdir və bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir.
Bu gün, hər birimiz sözlərlə ifadə edə bilməyəcəyimiz qədər qürur hissi keçiririk. Ədalətin yenidən bərpa edilməsi, Azərbaycanın ərazi bütöv-lüyünün bərpa olunması üçün öz canından keçən şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı. Şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti dayanır.

30 il gözlədiyimiz Qarabağımızın QƏLƏBƏ NİDASI! Xalqımızın 30 illik həsrətinə Şanlı, Güclü Ordumuzun apardığı 44 günlük müharibə son qoydu. Azərbaycan və Rusiya prezidentləri, eyni zamanda Ermənistanın baş nazirinin imzaladığı müqavilə Böyük Qələbəmizin NİDASI oldu və Azərbaycan meydanda və masada Qələbə tarixini yazdı. İşğalçı Ermənistan Qarabağda təslim oldu. Bəli, bu gün işğaldan azad edilən torpaqlarımız, məhz rəşadətli Ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu. Torpağımızın hər qarışı uğrunda canlarını fəda edən əziz şəhidlərimizin ruhları şad olsun. Onların ruhları qarşısında baş əyirik! Bu gün işğaldan azad olunan torpqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Artıq bu gün Qarabağımız Azərbaycandır! Bəli, bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsində əldə olundu. Çünki güclü Ordu ilə güclü Dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və ən sevincli tariximiz noyabrın 8-də 30 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilməsi oldu. Torpaqlarımızın hər qarışı işğaldan azad olduqca sevincimiz birə on qat artır.
Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq olar: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir”. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi.

Vəzir Həsənov

DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi