BÖYÜK ÖMÜRƏ GEDƏN YOL
BÖYÜK ÖMÜRƏ GEDƏN YOL
2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu, bizi tarixi yurd yerlərimizə qovuşdurdu. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.
Torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi idi. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisası alındı. Prezident İlham Əliyev rəşadətli Ordumuzun Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında – Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.” Azərbaycan xalqı düşmən üzərində tarixi zəfər qazanmaqla daha bir qəhrəmanlıq salnaməsi yazdı və qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və dəmir iradəsi, Silahlı Qüvvələrimizin qüdrəti, Azərbaycan əsgərinin igidliyi, xalq-iqtidar birliyi, ölkəmizin iqtisadi gücü tarixi Qələbəni təmin edən mühüm amillər oldu.
Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Prezidentin xalqa müraciəti bitər-bitməz paytaxt sakinləri küçələrə çıxaraq şanlı qələbənin sevincini, qürurunu bölüşdü. Tezliklə bütün Azərbaycan bayram əhvali-ruhiyyəsinə qərq oldu. Müxtəlif bölgələrdə yaşayan sakinlər meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları, şüarlar tutaraq sevindilər, mahnı oxudular, rəqs etdilər, şeir dedilər. 10 noyabr səhəri Azərbaycan xalqı üçün qələbə müjdəsi ilə açıldı. Gün boyu xalqın zəfər yürüşü, şadyanalığı davam etdi. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimiz qarşısında şükranlıq borclarını yerinə yetirdi.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq…
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.