İlham Əliyev ilk dəfə Azərbaycan xalqında özgüvən yaratdı!

İlham Əliyev ilk dəfə Azərbaycan xalqında özgüvən yaratdı!

Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində əldə edilən parlaq  qələbələr bütün ölkə vətəndaşları  tərəfindən  böyük sevinc hissi, bayram əhval-ruhiyyəsi ilə qarşılandı. Azərbaycan ordusu Ermənistanın ardıcıl təxribatları və yeni işğal planlarının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən zəfər yürüşü, hərbi əməliyyatları çərçivəsində düşmənin 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd rayonunun böyük hissəsi, Laçın rayonunun bir sıra kəndləri və çoxsaylı strateji yüksəkliklər azad edildi. Noyabrın 8-də Azərbaycanın incisi, mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunması hərb tariximizin ən şanlı səhifəsi kimi yaddaşlara həkk olundu.  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun şücaəti ilə əldə olunmuş möhtəşəm qələbə hər birimizdə böyük qürur, sevinc  və fəxarət hissi yaratdı.  Bu çətin və məsuliyyətli günlərdə  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müzəffər ordumuzun böyük təəssübkeşi olan gənclərimiz düşmən üzərində qələbə naminə əzmkarlıq və fədakarlıq nümayiş etdirdilər.  Yurd həsrətinə son qoyan Azərbaycan Ordusunun sıralarına könüllü yazılan gənclərimiz bir an belə tərəddüd etmədən cəbhəyə yollanmaq üçün əllərindən gələni etdilər.

Prezident, müzəffər Ali Baş Koman­dan İlham Əliyevin dediyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var.

2020-ci il noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün olaraq yaddaşlara həkk olundu. Böyük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Həmin gün Azərbaycanın ən yeni tarixi yazıldı, qələbəmiz tariximizə qızıl hərflərlə həkk olundu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sözügedən Bəyanatla bağlı bildirmişdir: “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Və beləliklə, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Müqavilə bir çox mənada tarixə iz qoydu. İlk olaraq ona görə ki, bu müqavilə ilə Azərbaycan son iki yüz illik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir.  İmzalanan bəyanat bizim şanlı qələbəmizdir və bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir.
Bu gün, hər birimiz sözlərlə ifadə edə bilm əyəcəyimiz qədər qürur hissi keçiririk. Ədalətin yenidən bərpa edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün öz canından keçən şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı. Şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti dayanır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir”.  “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin  rəmzinə çevrildi. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.
9 Noyabr – Dövlət Bayrağı Günü də qələbə xəbərləri davam etdi. Prezident İlham Əliyev “Twitter” hesabından 71 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa verdi.
10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

Noyabrın 8-də  Qarabağın mirvarisi Şuşanın rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi ikinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Tarixə səs salan Şuşa döyüşünün Müzəffət Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Artıq Azərbaycan Prezidentinin adı çoxsaylı möhtəşəm uğurlarla yanaşı, tariximizə həm də Şuşanı işğaldan azad edən lider kimi həkk olunub. Şuşanı azad etməklə İlham Əliyev bütün xalqımızın nisgilinə son qoydu. Şuşanın işğaldan azad edilməsi ilə möhtərəm İlham Əliyev Azərbaycan tarixinin yeni şərəfli səhifəsini yazdı. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə Prezident İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. İlham Əliyev siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanı cəzalandırdı.

İlqar Nəzərov

“Şərq” İstehsalat Birliyinin direktoru