Xocalı soyqrımı-xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
Xocalı soyqrımı-xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
Xocalı… Xocalı… Xocalı… deyəndə fəryad, faciə, kəsici soyuq, şaxtalı, sazaxlı qış gecəsindəki vahiməli çığırtılar, həyəcan və qorxu, ayaqyalın, başıaçıq, müdafiəsiz, kimsəsiz camaatın; körpə, uşaq, cavan, ahıl, qoca, kişi, qadın fərqi bilinməyən məzlumların məhvi, soyqırımı, günahsız, dinc insanların ölümlə həyat arasında apardığı ölüm-qalım mücadiləsi (mübarizəsi) kədərli, üzücü bir mənzərə olaraq ağıllarda, göz önündə canlanır. Gecənin gətirdiyi vəhşət və dəhşət, ürəklərdə, gözlərdə qorxu olsa da, o gecə yaşamaq üçün, həyata tutunmaq üçün savaşan Xocalı sakinlərinin məşəqqətli yollar keçərək canlarını ölümün caynaqlarından qurtarmaq səyləri, arzuları baş tutmadı, ümidləri boşa çıxdı.
Xocalı adı gələndə insanlığa qarşı amansızlığın, vəhşiliyin sübutu olan faicə canlanır gözlərimiz önündə. Əlləri insan qanına batmış, vəhşiləşmiş daşnakların obrazını heç cür cızmaq olmur, söz sanki acizdir bu qəddarların “sima”sını ifadə etməyə.
26 fevral 1992-ci il. Bəşər tarixində görünməmiş (faciə) soyqırım. Ana bətnindəki doğulmayan körpədən tutmuş ixtiyar qocayadək soydaşlarımızı vəhşiliklə süngülərə sancan, yatdıqları yerdə oda-atəşə tutmuşdu ermənilər. Bu soyqrım nəticəsində Azərbaycan xalqı minlərlə şəhid verdi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Xocalı soyqrımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli şəkildə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün Xocalı şəhidlərinin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o qədər də nikbin olmalıyıq.
Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sra mühüm tədbirlər həyata keçirilir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diaporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Fərmayil Vəliyev
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron Sukanal İdarəsinin rəisi