2020-ci il oktyabrın 24-dən 25-nə keçən gecə Qubadlı şəhəri uğrunda şiddətli döyüş başladı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qaldı. Prezident, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində xalqa müraciətində Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələrinin və Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi. Daha sonra, 25-26 oktyabrda Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan, 30 oktyabrda Kavdadıq, Məmər, Mollalı, 2 noyabrda İşıqlı, Muradxanlı, Milanlı kəndləri; 4 noyabrda rayonun Başarat, Qarakişilər, Qaracallı, 7 noyabrda Qəzyan, Balasoltanlı, Mərdanlı, 9 noyabrda Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu və Çərəli kəndləri düşməndən azad edildi. Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərinin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları dağıdılaraq bəzi yüksəkliklər ələ keçirilib, ordusu xeyli canlı qüvvə və texnika itirib.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması demək idi. Bu gün digər işğaldan azad edilmiş bölgələrdə olduğu kimi, Qubadlı rayonunun da inkişafı ilə bağlı genişmiqyaslı işlər aparılır. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri müasir normalara uyğun olaraq, təbiəti və tarixi keçmişi nəzərə alınaraq yenidən qurulur. Cənab Prezident İlham Əliyevin Qubadlıya səfərlərinin də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsət aldığından xəbər verir. Hazırda Qubadlının Xanlıq kəndində tikinti işləri yüksək səviyyədə aparılır. Xanlıq Qubadlının ən böyük kəndidir. Bu ərazilərdə hazırda aparılan ən böyük quruculuq yol tikintisidir. Bu ilin mart ayından iki kənddə - Kürd Mahruzlu və Zilanda abadlaşdırma işlərinə başlanılıb. Hazırda rayonun bütün ərazisində qaz, su və elektrik təchizatı ilə təminat işləri sürətli şəkildə aparılır. Yaşıllaşma ilə də bağlı layihələr həyata keçirilir. Yol infrastrukturu əsaslı şəkildə yenidən qurulur. Həmsıhbətimiz onu da deyib ki, 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. 1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Bu gün isə Qubadlıda böyük quruculu işləri aparılır. 4 ildir düşmən tapdağından azad olan torpaq rahat nəfəs alır. Cənab Prezidentin dediyi kimi; “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Sözsüz ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı cəənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə Qubadlı sakinlərini təbrik edirəm. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm-deyə E.Süleymanov söhbətini yekunlaşdırıb..