“Azərbaycan həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsidir. Hazırda biz fəaliyyətimizin daha da təkmilləşdirilməsi istiqamətində səylə çalışırıq. Azərbaycanda bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarının ən ali səviyyədə təmin edilməsi ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə geniş imkanlar açır. Biz bu imkanlardan yararlanaraq ittifaq üzvü olan vətəndaşlarımızın iş şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi qururuq. Həmçinin üzvlərimizin sağlamlığına, sanatoriya, kurort müalicəsinə, istirahətlərinin təşkilinə diqqətimizi artırırıq. Hazırda Konfederasiyaya məxsus sanatoriyalara baxışlar keçiririk, vəziyyətlə yerində tanış oluruq. Bilirsiniz ki, hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi və istirahəti üçün hər cür şərait yaradılır. Lakin onu da etiraf edək ki, hazırkı infrastrukturla bütün üzvlərimizin bu xidmətlərə əlçatanlığını tam təmin edə bilmirik. Bunun üçün mövcud vəziyyət diaqnostika olunur və biz bu prosesə Azərbaycan İnvestisiya Holdinqini, habelə beynəlxalq konsaltinq - “Boston Consulting Group” və "McKinsey & Company" şirkətlərini cəlb etmişik, həmçinin xarici təcrübə öyrənilir. Çalışacağıq ki, sanatoriyaları daha müasir avadanlıqlarla təchiz edək, maddi-texniki bazanı təkmilləşdirək, eyni zamanda qabaqcıl beynəlxalq tələblər və mütərəqqi üsullarla idarə olunmasını təşkil edək. Sahə həmkarlar ittifaqlarının rəhbərləri ilə keçirdiyimiz görüşlərdə yollayışların verilməsində növbəlik prinsipinin qorunmasını xüsusi olaraq tövsiyə edirik. Çünki bu imkandan ehtiyacı olan bütün ittifaq üzvləri yararlanmalı, əlçatanlıq təmin olunmalıdır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzindədir: “Ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi davamlı sosial-iqtisadi islahatlar, qəbul etdiyi mütərəqqi proqramlar, bu istiqamətdə verdiyi vacib fərman və sərəncamlarla xalqımızın maddi təminatı dəfələrlə yüksəlib. Müstəqil iqtisadi siyasət həyata keçirən dövlətimizin geniş maliyyə imkanları xalqımızın bilavasitə mənafeyinə xidmət edir. Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artıb. Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən cənab Prezidentimiz İlham Əliyev bildirdi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Təbii ki, bu da ittifaq üzvlərinin sosial rifahına ciddi təsir göstərəcək”.
“Təcrübə göstərir ki, sosial dialoqun köməkliyi ilə mürəkkəb məsələlərin həlli, sosial sabitliyin təmin edilməsi ən uğurlu yoldur. Biz bundan sonra da qarşılıqlı əmək və sosial-iqtisadi münasibətləri sosial tərəfdaşlıq prinsipləri üzərində quracaq, hökumət və işəgötürənlərlə real dialoqu davam etdirəcək, əmək münasibətləri sisteminin optimallaşdırılmasına, sivil sosial tərəfdaşlığın inkişafı və təkmilləşdirilməsinə töhfələr verməyə çalışacağıq. Məlumdur ki, AHİK qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmasına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Respublika üzrə həmkarlar ittifaqı üzvlərinin 50 faizdən çoxu qadınlardır. Statistik hesabatların araşdırılması onu deməyə əsas verir ki, yerlərdə qadın və kişilər üçün bərabər hüquq və imkanların təmin olunması vacib məsələdir. Odur ki, bu sahə üzrə fəaliyyətimizi daha da intensivləşdirəcəyik. Eləcə də Konfederasiyada işçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesi aparılır, struktur təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır”, - AHİK sədri bildirib.
Konfederasiya sədri vurğulayıb ki, gənclərin böyük qismi həmkarlar ittifaqı sıralarındadır: “Belə ki, həmkarlar ittifaqı üzvlərinin 38 faizindən çoxunu gənclər təşkil edir. Onların həmkarlar ittifaqlarının gələcək inkişafında və daha da möhkəmlənməsində rolu böyükdür. Buna görə də gənclərin sosial-iqtisadi problemlərinin həllinə kömək göstərilməsinə, onların həmkarlar ittifaqı strukturlarındakı fəaliyyətinə, keçirilən tədbirlərə cəlb edilməsinə və həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi önəm verəcəyik. Gənc kadrların hazırlanması və ixtisasının artırılmasında AHİK-in nəzdində olan Əmək və Sosial Münasibətlər Akademiyasının üzərinə də xüsusi məsuliyyət düşür. Akademiyanın digər təhsil müəssisələri sırasında abituriyentlər üçün cəlbediciliyinin artırılması, eyni zamanda rəqabətədavamlı struktur olaraq təkmilləşdirilməsi sahəsində də ciddi, ölçüləbilən nailiyyətlərin əldə olunması məqsədilə müvafiq tapşırıqlar verilib. AHİK və üzv təşkilatlar beynəlxalq həmkarlar ittifaqı hərəkatının bir parçası olaraq Beynəlxalq Əmək Təşkilatı, eləcə də beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatları ilə daha sıx təmaslar quraraq münasibətlərini genişləndirəcək. Qeyd edim ki, sentyabrın 26-27-də Bakıda Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Pan-Avropa Regional Şurası ilə birgə “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirdik. Bu çərçivədə beynəlxalq həmkarlarla keçirdiyimiz görüşlərdə gələcək əməkdaşlıqla bağlı geniş müzakirələr apardıq, istiqamətləri müəyyənləşdirdik”.
Sonda bir daha vurğulayım ki, hazırda biz bütün istiqamətlər üzrə araşdırmalarımızı davam etdirir, yerlərdə mövcud vəziyyəti öyrənir və görüləcək işlərlə bağlı qərarlar qəbul edirik: “Əsas məqsədimiz Azərbaycan həmkarlar ittifaqlarını dinamik olaraq inkişaf etdirmək, cəmiyyətdə nüfuzunu artırmaq, yeni çağırışlara uyğun olaraq, fəaliyyətimizi ardıcıl olaraq təkmilləşdirmək və Azərbaycanın xoşbəxt gələcəyinə mühüm töhfələr verməkdir”.