Masallı rayon Yol İstismarı İdarəsinin rəisi Mahmud Bağırov - Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəfləri ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Hələ 2024-cü ilin 23 aprelində ADA Universitetində “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə bir fikir səsləndirmişdir: “Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın təmamilə yaşıldır”.
Oktyabrın 8-də isə Laçın şəhəri 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edildi. Bu xəbər əlbəttə ki, həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı. Amma burada əhəmiyyətli olan digər həssas məqam dövlət başçısının prosesə necə uzaqgörən və bütöv nəzərlərlə baxışını sərgiləyir. Məsələn, xatırlayırıqsa müharibədən az sonra, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” kimi elan olunmuşdur. O zaman, il girər-girməz dövlət başçısının bizləri “Nizami Gəncəvi ili” sevinci ilə müjdələməsi mədəni iqlimə köklənməyə gözəl bir vəsilə oldu. Prezident İlham Əliyevin fikrincə, Nizami məhz bizim bir xalq, dövlət kimi varlığımızın siması statusunda tanıdılmalı idi. Daha sonra 2022-ci il ölkəmizdə “Şuşa ili” elan edildi. Dövlət başçısının 2022-ci il, yanvarın 5-də bu yöndə Sərəncama imza atması bizim bir xalq, dövlət kimi varlığımızın siması – sülhün və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün unikal dəyər kəsb edirdi. Bununla da həmin dövrdən etibarən, milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı. İndi də Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xəbəri bizim haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsi olmaqla yanaşı, Qarabağla bağlı aparılan quruculuq işlərinə həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.
Əlbəttə ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olaraq təmamilə dağıdılmış, vandalizmə məruz qoyulmuş, yerlə-yeksan edilmişdir. Artıq Laçın əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb və bu qayıdış ardıcıl şəkildə reallaşacaq.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a sayılı günlər qaldığı bir dönəmdə belə bir uğura imza atılması, habelə növbəti ildə Azərbaycanda III MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi, Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək yarışlar barədə xəbərin yayılması müqtədir məqamlardandır. 200-ə yaxın ölkənin iştirakı ilə bir aydan sonra Bakının ev sahibliyi edəcəyi ən böyük beynəlxalq tədbir - COP29 kimi, bu qərarlar da dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi dəyərləndirilə bilər.
Mühüm olan digər məqamlardan biri də 9 Mayın ümumi Qələbəmiz kimi qeyd olunması faktıdır. Bəli, Sovet xalqının 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbəsinin əldə olunmasında Azərbaycanın müstəsna rolu var. İnsan amili olaraq, Azərbaycan bu müharibədə ən üst sıralarda qərar tutan ölkələrdən biri olub. Azərbaycan bu müharibəyə nəinki sıravi insanları, əsgər ordusu, öz şairi, yazıçıları ilə də qoşulub. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min azərbaycanlı həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub. Göstərilən məhsullar o vaxt SSRİ-nin ümumi istehsalının faizidir. Gələn il 80 illiyi qeyd olunacaq qələbə təntənəsi MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığında, həmçinin “yeni dünya savaşı təhlükəsinə qarşı bütün xeyirxah insanların birliyinin möhkəmləndirilməsində” mühüm amildir.
Azərbaycan hər zaman əməkdaşlığa əhəmiyyət verməsi ilə seçilən dövlət olub. Onun üçün zəminində qarşılıqlı hörmət dayanan hər cür fəaliyyət qəbul edilən olub. Mahiyyətində qələbə, zəfər, sülh anlayışlarının ehtiva olunduğu hər proses dövlət başçısı İlham Əliyev üçün sevərək qoşuldığı və icra etdiyi işlərdir. Çünki, o, nəinki ölkəsinin, bütün dünyanın yaxşılığını düşünən və qayğısına qalan liderlər sırasında qərar tutan böyük siyasətçidir. Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı bunun növbəti təzahürü kimi dəyərlidir.