• 16:00 – Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi... 
  • 10:31 – Ruslar bu istiqamətdə İRƏLİLƏDİ 
  • 10:25 – Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək 
  • 10:19 – Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb 

Əliyevlə Pezeşkianın birbaşa görüşünün olmamasının səbəbi - şərh

  • 29.10.2024, 16:00,
  • Siyasət
  • Baxılıb: 0

Kazanda keçirilən BRİCS sammitində İran və Azərbaycan prezidentləri bir sıra liderlərlə müzakirələr aparsalar da, öz aralarında danışıqlar olmadı; ekspertlərin bir neçə izahı var...

Oktyabrın 22-24-də Kazanda BRİCS-ə üzv ölkələrin dövlət başçılarının sammiti keçirildi. Sammitə qonaq qismində qatılanlar arasında Azərbaycan Prezidenti İlham Əliyev də var idi.

Tədbir çərçivəsində ölkə lideri Rusiya prezidenti Vladimir Putin qardaş Türkiyənin rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ermənistanın baş naziri Nikol Paşinyanla, bir sıra digər rəsmi şəxslərlə bir araya gəldi. Lakin gözlənilənlərin əksinə olaraq, Əliyev İranın yeni prezidenti Məsud Pezeşkianla görüşmədi. Halbuki Pezeşkian Kazana çatar-çatmaz Nikol Paşinyanla bir araya gəlmişdi. Analitiklərə görə, iki azərbaycanlı prezidentin görüşməməsinin səbəbi Yaxın Şərqdə baş verənlərin təsiri ola bilər. Çünki Pezeşkian Kazanda İsraili hədələmişdi. Elə oktyabrın 25-dən 26-na keçən gecə də İrana hücum oldu. Tehran bir müddət əvvəl Bakını İsraillə münasibətlərə görə ittiham edirdi. Ekspertlər istisna etmirlər ki, indi Qəzza zolağında və Livanda olan hadisələr, Azərbaycanın isə İsraillə olan dostluğunu pozmaması İranın ürəyincə olmaya bilər.

Bu baxımdan Əliyevlə Pezeşkian arasında görüşün olmaması Yaxın Şərq münaqişələri ilə əlaqələndirilir. O da mümkündür ki, əvvəldən bu görüşün olması nəzərdə tutulmayıb. Amma bundan az əvvəl baş nazirin müavini Şahin Mustafayev Tehranda olub və Pezeşkianla görüşüb. İran prezidenti görüşdə bildirib ki, biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik: “Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”. O qeyd edib ki, İran Azərbaycanla yaxın münasibətlər qurmalıdır: “Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik”.

Qeyd edək ki, seçkidə qələbəsindən sonra prezident Əliyev Pezeşkianı Azərbaycana dəvət edib. İran lideri də azərbaycanlı həmkarını Tehranda görməkdən məmnun olacağını vurğulayıb. Pezeşkiana qədər İran-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində addım mərhum prezident İbrahim Rəisinin Xudafərinə gəlməsi ilə baş tutmuşdu. İki ölkə prezidentləri arasında imzalanmış sənədlər əsasında əlaqələrin inkişaf etdirilməsi razılaşdırılmışdı. Məsud Pezeşkian isə Azərbaycana rəsmi səfər etməsə də, hazırda münasibətlərdə böhran yoxdur. Sadəcə, təhlilçilərə görə, Kazan görüşünün olmaması Bakı-Tel-Əviv əlaqələri ilə bağlı ola bilər. Hərçənd bunun bir ciddi əsası da yoxdur, çünki Azərbaycan Fələstin mövzusunda BMT-nin mövqeyinə istinad edir.

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Pezeşkian Azərbaycanı sevən insandır və onun Şahin Mustafayevlə görüşdə etirafı da səmimiyyətindən irəli gəlir. Q.Hüseynli hesab edir ki, yaxın zamanlarda İran prezidentinin Azərbaycana səfəri ola bilər: “Məncə, burada problem yoxdur. Onlar Kazanda salamlaşdılar, sadəcə, ayrıca görüş olmadı. Zənnimcə, baş nazirin müavini Tehrana getdikdən sonra prezidentlər səviyyəsində xüsusi bir görüş üçün hazırlıq görülə bilər. Təbii ki, İran-Azərbaycan münasibətləri spesifikdir və həssas dövrlərdən keçir. Amma inanmaq istəmirəm ki, görüşün olmamasına səbəb İsrail amilidir. Azərbaycan bu mövzuda Tehrana lazım olan hər şeyi deyib”.

Q.Hüseylinin sözlərinə görə, bizim İsraillə dostluğumuzun İrana zərəri yoxdur: “Son hücum zamanı da bəlli oldu ki, İsrail İraqın hava məkanından istifadə edib. Azərbaycan buna heç zaman icazə verməzdi. Tehran Bağdada desin ki, niyə hava məkanı açıq saxlanmışdı? Çünki hücumdan qabaq xarici işlər naziri Abbas Əraqçinin xəbərdarlıq olmuşdu. Diplomat hədələmişdi ki, hansı qonşu ölkə İsrailin hücumu zamanı hava məkanını açıq saxlasa, onunla düşmən olacaqlar. O zaman buyursunlar, şiə İraqı şiə İranına hücum zamanı hava məkanını açıq qoydu. Yəni Azərbaycanı ittiham edəcək hər hansı əsas ola bilməz. Tam tərsinə, biz dəfələrlə sübut etmişik ki, İranda olan rejim Ermənistana dəstək olub və bu gün də Hindistandan gələn hərbi texnikanın bu ölkədən keçib Ermənistana getməsi faktdır”.

Professor Kazanda görüşün olmamasında bir nüansı da istisna etmir: “Nəzərə alaq ki, bu ölkənin xarici siyasət kursunu ali dini rəhbər müəyyən edir. İranda prezidentlərin xarici siyasətlə bağlı səlahiyyətləri geniş deyil. Kazana getməmişdən əvvəl də Seyid Əli Xamenei Məsud Pezeşkiana bir sıra təlimatlar verib və kimlərlə görüşəcəyi haqda danışıb. Bunu da bir ehtimal olaraq görürəm. Hər halda, Tehranda səfirliyimiz işini bərpa edib və münasibətlərdə bir normallaşma prosesi getməkdədir. Azərbaycanın qonşuları ilə münasibətləri dostluq və əməkdaşlığa söykənir. Biz milli maraqlarımız nəyi tələb edirsə, onu siyasət olaraq həyata keçiririk. Eyni zamanda qonşularımıza zərər vuracaq addımlar atmırıq. Bu gün İsrailin Azərbaycanla dostluğu İrana qarşı yönəlməyib və bundan istifadə edilmir”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER