• 10:31 – Ruslar bu istiqamətdə İRƏLİLƏDİ 
  • 10:19 – Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb 
  • 10:00 – Quterreş Azərbaycana səfərə gəlib 
  • 09:00 – Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi 

Serbiya prezidentindən Bakıda şok açıqlama - “3-4 ildən sonra...”

  • 16.11.2024, 10:20,
  • Siyasət
  • Baxılıb: 0

Rusiya qazından imtina edən Avropa, həmçinin iqtisadiyyatları sürətli inkişafda olan Asiya ölkələrinin hesabına ABŞ-ın maye qaz ixracı görünməmiş həddə çatıb

“ABŞ yaxın bir neçə ildə daxili tələbatın artması səbəbindən maye qaz ixracını dayandıracaq”. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən BMT-nin İqlim Konfransı (COP29) çərçivəsində liderlərin sammitində serb jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 3-4 ildən sonra Amerika artıq mayeləşdirilmiş təbii qaz ixrac edə bilməyəcək: “Onu süni intellektin artan istehlakı, elektrik doldurma stansiyaları və başqa hər şey üçün istifadə edəcək. Bəs onda biz nə edəcəyik? Rusiya qazını qadağan edənlərin hamısı Moskvanın qarşısında növbəyə duraraq deyəcək: ”Qışdan sağ çıxa bilmək üçün qazı bizə qaytarın". Trampın qələbəsindən sonra neft qiymətləri bir qədər ucuzlaşsa da, qazın qiyməti çox qalxdı - artıq min kubmetr üçün 485 dollardır".

Vuçiçin bu açıqlamasını Rusiya mətbuatı çox geniş işıqlandırır, şərhlər verilir. Serbiya prezidentinin dedikləri reallaşa bilərmi?

Son 5 ilə nəzər saldıqda aydın görünür ki, ABŞ qaz istehsalçıları böyük uğurlar qazanıblar. Ukraynadakı müharibəyə görə Rusiya qazından imtina edən Avropa, həmçinin iqtisadiyyatları sürətli inkişafda olan Asiya ölkələrinin hesabına ABŞ-ın maye qaz ixracı görünməmiş həddə çatıb.

Bloomberg-in məlumatına görə, ABŞ 2023-cü ildə rekord 91,2 milyon ton maye qaz ixrac edib. Ölkədə yeddi LNG terminalı fəaliyyət göstərir, digər beşi isə tikilməkdədir. Ötən il Amerika LNG-nin əsas alıcıları Avropa ölkələri olub.

“Financial Times” yazır ki, hazırda Avropa qaz bazarında LNG-nin həcmi Ukraynadakı münaqişədən əvvəlki 20 faiz ilə müqayisədə 34 faiz təşkil edir. Eyni zamanda, bu növ yanacağın bazarda tədarükü məhduddur və Avropa bunun üçün Asiya ilə rəqabət aparmalı olur.

Yeni LNG layihələri 2023-cü ildə maye qaz ixracını illik ifadədə 12 faiz artırmağa imkan verdi. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, keçən il Amerika qaz istehsalçıları xarici alıcılara, gündə orta hesabla 321,3 milyon kubmetr - Qətər və Avstraliyadan olan rəqiblərdən xeyli çox qaz ixrac ediblər.

Avropada LNG-yə kifayət qədər yüksək tələbat və sərfəli qiymətlər sayəsində keçən il fəaliyyət göstərən 7 LNG terminalında LNG ixrac gücündən istifadə nominal gücün 104 faizini və pik gücün 86 faizini təşkil edib.

Bu ilin ötən dövründə Amerika LNG ixracı gündəlik 326,7 milyon kubmetr, yəni ötən ilkindən daha çox təşkil edib.  BEA-nın proqnozuna görə, gələn il gündəlik ixrac 372,6 milyon kubmetr təşkil edəcək.

Hazırda ABŞ-da iki yeni LNG layihəsi: Corpus Christi LNG Stage 3 və Plaquemines LNG istismara vermə mərhələsindədir. BEA-nın məlumatına görə, onlar bu ilin sonuna qədər maye qazın nəqlinə başlamalıdırlar. Bununla belə, hazırlığın müxtəlif mərhələlərində olan digər LNG layihələrinin əksəriyyətində problemli məsələlər var. Belə məsələlər kimi ekoloqların etirazları, məhkəmə iddiaları, podratçı şirkətlərin iflası, həmçinin Co Bayden administrasiyasının tətbiq etdiyi məhdudiyyətlərdir. Məsələn, ExxonMobil və QatarEnergy-nin 10 milyard dollarlıq Golden Pass LNG layihəsinin tikintisinə başlanılması əsas podratçı Zachry Holdings-in iflası səbəbindən gələn ilin sonuna təxirə salınıb. Elə bu günlərdə ABŞ Federal Enerji Tənzimləmə Komissiyası (FERC) ExxonMobil və QatarEnergy-yə zavodun istismara verilməsi müddətinin üç il uzadılmasına icazə verib. Exxon zavodun tikintisinin başlanmasının 2025-ci ilin birinci yarısından sonuna qədər təxirə salındığını hələ avqust ayında açıqlamışdı.

Texasın NextDecade şirkətinin Rio Grande LNG layihəsi də əhəmiyyətli gecikmələr yaşayır. Düzdür, burada başqa cür problemlər var.

Bayden administrasiyasının iradəsi ilə bu ilin yanvar ayında ABŞ Energetika Nazirliyi icazələrin verilməsi üçün layihələrin təhlilini tamamlayana qədər mayeləşdirilmiş təbii qazın ixracı üçün icazələrin verilməsini dayandıracağını açıqladı. Nazirliyin araşdırması ABŞ-da artan LNG ixracının iqlim, iqtisadi və milli təhlükəsizliyə potensial təsirlərini qiymətləndirir. Baydenin bu addımı ilə bağlı lisenziyaların dayandırılmasının iqtisadiyyata zərər verdiyiiə və iş yerlərinin itirilməsinə səbəb olduğunu bildirıən 16 ştat məhkəməyə müraciət edib. İyul ayında Luiziana məhkəməsi Bayden administrasiyasının yeni LNG ixrac müqavilələrinin təsdiqini bərpa etməsini nəzərdə tutan qərar qəbul edib.

Ağ Ev tikinti sahələrində sakinlərin sağlamlığına mümkün zərərləri nəzərə almaq üçün layihələrə dəyişiklik tələb edən ekoloqların və təbiəti mühafizəçilərin təzyiqi ilə bu addımı atıb. Lakin gözlənilir ki, yeni seçilmiş prezident Donald Tramp vəzifələrinin icrasına başlayan kimi bu məhdudiyyəti aradan qaldıracaq. Çünki Donald Tramp seçiləcəyi təqdirdə ixrac icazələrinin verilməsinə qoyulmuş qadağanı dərhal aradan qaldıracağına söz verib.

Bloomberg-in yazdığına görə, Co Bayden administrasiyası Trampın verdiyi sözə dərhal əməl etməsinə imkan verməmək üçün araşdırmaların yanvara qədər başa çatdırılmasına və nəticələrin açıqlanmasına çalışır. Bildirilir ki, əgər araşdırma LNG layihələrinin icrası zamanı ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin tam qiymətləndirilmədiyini üzə çıxararsa, Trampın yeni layihələrə lisenziya verilməsi sahəsində məhdudiyyəti tezliklə aradan qaldırması mümkün olmayacaq. Mümkün olsa belə, araşdırma nəticələri layihələrə qarşı çoxsaylı məhkəmə iddiaları üçün çox ciddi əsas rolunu oynayacaq.

ABŞ-ın maye qaz ixracı üçün daha bir əngəl Avropa İttifaqının qalıq yanacaqlardan istifadəyə dair tələblərinin sərtləşdirilməsidir. Belə ki, Aİ bütün idxal edilən qalıq yanacaqlara yeni metan emissiya standartlarını tətbiq edir. Reuters-in yazdığına görə, bu addımdan sonra  Birləşmiş Ştatlar uzunmüddətli perspektivdə Avropaya LNG tədarükünü davam etdirməyi gözləyir.

ABŞ-ın metan tənzimləməsi 2030-cu ildən etibarən neft və qaz ixracının, o cümlədən LNG-nin Avropa İttifaqı ilə eyni və ya daha sərt emissiya həddi tələblərinə malik olmasını tələb edəcək. Hələ ətraflı müzakirə edilməmiş və elan edilməmiş bu tələblər o deməkdir ki, ABŞ LNG istehsalçıları və ixracatçıları onilliyin sonuna qədər məhsullarının Aİ emissiya standartlarına cavab verməsini təmin etmək üçün fəaliyyətlərini yenidən qurmalı olacaqlar. Agentlik qeyd edir ki, heç də bütün təchizatçılar bu vəziyyətdən razı və Avropaya ixracda mümkün məhdudiyyətlərə dözməyə hazır deyil.

Amerikanın güclü qaz lobbisi Co Bayden administrasiyasından ABŞ və qitədə metan tənzimləməsində ekvivalentliyi təmin etmək üçün Aİ ilə danışıqlara başlamağı tələb edib. 2023-cü ildə Avropaya LNG ixracının 66 faizi ABŞ-ın payına düşüb. Bu rəqəmə əsaslanaraq, xaricdəki qaz enerjisi şirkətləri Aİ-dəki müştərilərdən uzunmüddətli zəmanətlər və müqavilələr tələb edirlər.

Metan emissiya standartlarının səviyyəsinin yüksəldilməsi ilə ABŞ növbəti onillikdə ən böyük LNG ixrac bazarını saxlamağa ümid edir.

Avropa İttifaqı hələ ki, təchizatçılarla necə işləyəcəyinə qərar verməyib. Blok çox axtarılan qalıq yanacağın idxalı üçün metan tələblərini yekunlaşdırarkən enerji təhlükəsizliyini iqlim məqsədləri ilə balanslaşdırmalı ola bilər.

Serbiya prezidentinin açıqlamasında süni intellektin enerji tələbatının artımı məsələsinə gəldikdə, ABŞ-da artan enerji tələbatının atom enerjisi hesabına ödənməsi nəzərdə tutulur. Bloomberg-in yaydığı məlumata əsasən ABŞ hakimiyyəti 2050-ci ilə qədər ölkədəki atom elektrik stansiyalarının ümumi gücünü üç dəfə artırmağı planlaşdırır. Məlumatda qeyd olunur ki, hazırda ölkədə yerləşən nüvə reaktorlarının ümumi gücü 100,6 GVt təşkil edir. 2050-ci ilə qədər gözlənilən artım təxminən 200 GVt olacaq. Eyni zamanda növbəti 10 il ərzində Ağ Ev nüvə istehsalının həcmini 35 GVt artırmaq niyyətindədir.

ABŞ Prezidentinin köməkçisi və Milli İqlim Müşaviri Əli Zaidi açıqlamasında bildirib ki, onlar karbonsuz elektrik mənbəyinin geniş miqyaslı istifadəsinə mane olan bir çox maneələri aradan qaldırıblar. O, belə maneələr sırasında ölkə daxilində ixtisaslı kadrların və yanacaq təchizatının çatışmazlığını, hüquqi tənzimləməni qeyd edib.

Bloomberg-in yazdığına görə, nüvə enerjisi sahəsində belə strategiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan dəstək ala bilər.  O, seçki kampaniyası zamanı enerji tutumlu sənaye sahələrini elektrik enerjisi ilə təmin etmək üçün yeni nüvə reaktorlarının tikintisinə çağırıb.

ABŞ-ın nüvə enerjisi sənayesi istehsal olunan elektrik enerjisinə görə dünyada ən böyükdür. ABŞ-ın enerji kompleksində nüvə istehsalının payı yarım əsr əvvəl 1979-cu ildə Three Mile Island AES-də baş vermiş qəzadan sonra tədricən azalmağa başlayıb. Hadisə nəticəsində sənaye tənzimləyiciləri təhlükəsizlik standartlarını xeyli sərtləşdiriblər. Belə ki, 1979-2012-ci illər arasında atom elektrik stansiyalarının tikintisi üçün bir dənə də olsun yeni lisenziya verilməyib.

Artıq süni intellektə böyük həcmli investisiyalar yatıran ABŞ texnologiya nəhəngləri öz tələbatlarını ödəmək üçün mini atom elektrik stansiyalarının tikintisi layihələrinin icrasına başlayırlar. Amazon və Meta-nın öz müəssisələri üçün AES-lərin tikintisini nəzərdə tutan layihələri ABŞ hökuməti, həmçinin yerli hökumətlərlə razılaşdırılıb. Bu isə o deməkdir ki, ABŞ-da elektrik enerjisi istehsalında qaza deyil, nüvə yanacağına üstünlük veriləcək.

Aİ üçün ABŞ-dan qaz almaqla bağlı əsas problem Asiyada artan tələbatdır. Belə ki, Çin və Hindistan iqtisadiyyatının artan tələbatı, həmçinin bu ölkələrin alternativ enerjiyə keçid prosesini sürətləndirmək səyləri Asiyada keçid enerji mənbəyi sayılan maye qaza tələbatı sürətlə artırır. Bu isə tezliklə Rusiya maye qazından tamamilə imtina etməyi hədəfləyən Aİ üçün ciddi rəqabət və qiymət artımı demək ola bilər.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER