Bəzən tarix səssiz danışar... Amma o səssizlikdə minlərlə səda, minlərlə addım, mübarizə və qələbə yatır. Azərbaycan xalqının tarixində elə bir gün var ki, həmin gün xalqımızın səsi, kimliyi, arzusu və iradəsi tarixə bir möhür kimi vurulub – 28 May – Müstəqillik Günü.
Bu gün təkcə dövlət rəmzləri ilə bəzədilən bir bayram deyil, millətimizin taleyində dönüş nöqtəsidir. Bu gün – 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqı ilk dəfə olaraq öz taleyini öz əllərinə aldı, öz dövlətini qurdu, millət olaraq dünya qarşısında duruş sərgilədi. Bu, sadəcə bir siyasi akt deyildi – bu, əsrlərdir azadlıq uğrunda mübarizə aparan bir xalqın arzularının gerçəyə çevrilməsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk parlamentli respublika, qadınlara seçki hüququ verən ilk müsəlman dövləti, demokratik dəyərləri özündə cəmləyən ilk cəhd... Cəmi 23 ay yaşamasına baxmayaraq, bu dövlətin qoyduğu təməl, gələcək müstəqil Azərbaycanın ideoloji və hüquqi bazasını formalaşdırdı.
Lakin müstəqillik yolu hamar olmadı. 1920-ci ildə bolşevik işğalı ilə istiqlalımız əlmizdən alındı, minlərlə ziyalı repressiya olundu, xalqımız öz sözünü itirdi. Amma azadlıq ruhu heç vaxt ölmədi. O, xalqın yaddaşında, ana laylasında, aşıq nəğməsində yaşadı və nəhayət, 1991-ci ildə tarix yenidən qapılarını bizə açdı – Azərbaycan yenidən müstəqil dövlət oldu.
Ancaq bu müstəqillik də yenidən doğulan bir körpə kimi qayğıya, qorunmaya, dəstəyə ehtiyac duyurdu. 90-cı illərin əvvəllərində ölkə xaos içində idi – siyasi böhran, iqtisadi çöküş, torpaq itkisi... Dövlət məhv olmaq üzrə idi. Və xalq bir daha öz xilaskarına – Ümummilli Lider Heydər Əliyevə üz tutdu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan sabitlik, inkişaf və dövlətçilik yoluna qədəm qoydu. Onun uzaqgörən siyasəti sayəsində müstəqilliyimiz möhkəmləndi, beynəlxalq aləmdə nüfuzumuz artdı. "Müstəqillik bizim ən böyük sərvətimizdir" deyən Lider, bu sərvətin qorunması üçün bütün həyatını və siyasi irsini ortaya qoydu.
Bugünkü Azərbaycan isə Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib. Ən əsası, bu müstəqillik artıq torpaqlar üzərində tam bərpa olunmuş müstəqillikdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Müzəffər Ordumuzun qəhrəmanlığı ilə 30 il işğal altında olan Qarabağ və ətraf rayonlarımız azad edildi. Azərbaycan təkcə siyasi cəhətdən yox, ərazi baxımından da tam müstəqil dövlət olduğunu sübut etdi.
İndi biz 28 Mayı qeyd edərkən təkcə keçmişlə deyil, həm də böyük gələcəklə fəxr edirik. Çünki bu müstəqillik artıq kağız üzərindəki qərar deyil – bu, qanla yazılmış, alın təri ilə qorunan, zəfərlə taclanmış bir reallıqdır.
Şuşa kimi mədəniyyət beşiyimizdə dövlət bayrağımız dalğalanırsa, Ağdamda, Füzulidə, Zəngilanda quruculuq gedirsə, Zəngəzur dəhlizi regionun gələcəyinə çevrilirsə – bu, 28 Mayın davamıdır. Bu, bir xalqın öz müqəddəratına sahib çıxmasının nəticəsidir.
Azərbaycan gəncliyi bu gün artıq əyilməyən, azad ruhla yetişir. Çünki bu gənclər bilirlər ki, onların arxasında min illərlə gələn iradə, bir əsr əvvəl yazılmış istiqlal manifesti və zəfərlə nəticələnən bir xalqın mübarizəsi dayanır.
28 May – bir tarix deyil. Bu, xalqın ruhudur.