Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin digər rəhbər şəxsləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Agentliyin rəhbərliyi və əməkdaşları parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 Sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində aparılır.
Uzunluğu 1046 metr, ortalama eni 17.5 metr olan küçədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...