Elsevər Heydərov - Strateji və coğrafi cəhətdən əlverişli ərazidə yerləşən, Şərqlə Qərbi birləşdirən, mühüm tarixi ticarət yollarının keçdiyi, zəngin resurslara malik Azərbaycan tarixən işğalçıların hücumlarına məruz qalıb, talan edilmiş, dəfələrlə parçalanmışdır. Lakin elə bir gün gəldi ki, Azərbaycana da bir günəş doğdu, qaranlıq səması üzərindən qara buludları dağıtdı. O günəş ki, parlaq işıqları ilə Azərbaycan xalqının ümidinə çevrildi. O günəş – Azərbaycanın xilaskarı Ümummilli Lider Heydər Əliyev idi.
Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynayan - ölkəmizi 1990-cı illərin əvvəllərində siyasi xaos və qeyri-sabitlikdən çıxaran milli xilaskarımızdır. 1993-cü il, oktyabrın 3-də Ulu Öndərin Prezident seçilməsi və rəhbərliyi ilə ölkəmizdə ictimai asayiş bərpa edildi, siyasi sabitlik və təhlükəsizlik tam təmin olundu. Ulu Öndər hadisələrə praqmatik yanaşan, Azərbaycanın taleyini düzgün qiymətləndirən və uzunmüddətli uğurlu qərarlar qəbul edən bir Dahi Lider idi. O, qlobal səviyyədə düşünən və beynəlxalq arenada tarazlaşdırılmış siyasət yürüdən lider olaraq həm daxili, həm də xarici siyasətdə dərin biliklərə malik olmuş və milli maraqları hər zaman üstün tutmuşdur.
Ümummilli Lider Azərbaycanın milli ideologiyasını - azərbaycançılıq məfkurəsini yaratmışdır. Bu ideologiya təkcə ölkə daxilində deyil, həm də dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən milli məfkurədir. Ulu Öndər, həmçinin nitq bacarığı ilə seçilirdi. Onun çıxışları dərin məntiqi, aydın və təsirli məzmunu ilə yadda qalan olmuşdur. O, öz fikirlərini cilalanmış şəkildə ifadə edərək auditoriya ilə uğurlu ünsiyyət qurma bacarığına malik idi. Milli və mənəvi dəyərlərə xüsusi önəm verir, dövlət müstəqilliyinin qorunması və gücləndirilməsi uğrunda mübarizə aparırdı. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin möhkəmləndirilməsi yolunda böyük işlər görmüşdür.
Beynəlxalq arenada uğurlu diplomatiya ilə Heydər Əliyevin gördüyü işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi gücləndirilmişdir. O, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış, xüsusilə Qarabağ probleminin ədalətli həlli üçün ciddi səylər göstərmişdir. Heydər Əliyevin diplomatik uğurları Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmiş və ölkənin nüfuzunu artırmışdır.
Dahi Lider Heydər Əliyev çətin anlarda milli mənafeləri qorumaq üçün öz iradəsi və uzaqgörənliyi, xüsusilə neft strategiyasının həyata keçirilməsində mühüm rol oynamışdır. Ulu Öndərin iqtisadi siyasəti ölkəyə böyük investisiya axınını stimullaşdırmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemdəki yerini müəyyənləşdirmişdir. Onun neft strategiyası sayəsində 30 il öncə “Əsrin müqaviləsi” imzalanmış, bu da Azərbaycanın enerji sektorunda mühüm nailiyyətlərə səbəb olmuşdur. Bu strategiya Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri olmuşdur. Heydər Əliyev Azərbaycanın müasir hüquqi və demokratik dövlət kimi qurulmasında və inkişafında mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə Konstitusiya qəbul edilmiş, vətəndaş hüquqları və azadlıqları təmin olunmuş, demokratik islahatlar həyata keçirilmişdir. O, ölkəni iqtisadi tərəqqi yoluna çıxarmış, dayanıqlı inkişaf modeli yaratmış və Azərbaycanın strateji maraqlarını beynəlxalq səviyyədə müdafiə etmişdir.
Hazırda Ulu Öndərin siyasi kursunu Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Bu gün Azərbaycan xalqı hamılıqla qalib Liderinə inanır və arxalanır. Çünki 30 il sonra ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan milyonlarla azərbaycanlının sevincinə səbəb oldu. Ölkəmizin qanayan yarası Qarabağ işğaldan azad edildi, həsrətə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi məhz cənab İlham Əliyevin rəhbərliyi ilə təmin edildi. Azərbaycan xalqı Liderinin ətrafında bir yumruq kimi birləşdi və dövlət başçısının dediyi kimi, “Dəmir yumruq” təkcə güc deyil, bu, həm də birlik deməkdir. Dünya hərb tarixinə adını böyük strateq, qalib sərkərdə kimi yazdırmış Prezident İlham Əliyev Azərbaycan xalqının dayaq nöqtəsi və güvən mənbəyidir.