Üzeyir müəllim - O tarixi anlardan düz 31 il keçir...
3 oktyabr 1993-cü il tarixində Azərbaycan xalqı və dövlətinin tarixində əlamətdar hadisə yaşandı. Xalqımız bu tarixdə öz müdrik seçimini etdi. Həmin gün müstəqil Azərbaycan dövlətinin tarixində ilk demokratik prezident seçkiləri keçirildi.
Üç namizədin qatıldığı seçkilərdə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini, etimadını qazanaraq ilk dəfə Prezident seçildi. Ulu Öndər hələ 1993-cü ilin 24 iyun tarixindən Ali Sovetin sədri və Prezident səlahiyyətlərinin içraçısı kimi ölkəyə rəhbərlik edirdi,
Ancaq 3 oktyabr 1993-cü il tarixindən bir daha xalqımızın dəstəyini, rəsmi şəkildə səsini qazanaraq müstəqil Azərbaycanın ilk demokratik yolla, alternativ əsaslarla seçilmiş Prezidenti kimi səlahiyyətlərinin icrasına başladı. Bu baxımdan, 3 oktyabr tarixi Azərbaycan xalqının tarixinə, yaddaşına, dövlətçiliyinə qızıl hərflərlə həkk olunmuş bir gündür.
Əgər 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi yazıldısa, 3 oktyabr tarixi müstəqil Azərbaycanın inkişafa doğru gedən yolunun başlanğıc günü tarixdə qaldı.
3 oktyabrdan başlayaraq, 2003-cü ilə kimi Azərbaycan bir çox aparıcı dövlətlərin bəlkə də 50-100 ilə keçdiyi yolu cəmi 10 ilə keçdi. Az qala müstəqilliyini itirməkdə, dağılıb-parçalamaqda olan Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə 10 il ərzində nəinki regionun, bütövlükdə dünyanın hesablaşdığı dövlətlərindən birinə çevrildi.
1994-cü ilin may ayında Ermənistanla atəşkəsi nəzərdə tutan sənəd imzalandı, ölkəmizdə güclü ordu quruculuğuna başlandı, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla, uğurlu neft strategiyası ilə inkişafa, tərəqiyyə, çiçəklənməyə doğru gedən yolun əsas bünövrəsi, təməli atıldı. Azərbaycanda hərc-mərcliyə, dərəbəyliyə, dövlət çevrilişi cəhdlərinə son qoyuldu.
1995-ci ilin noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ilk demokratik parlament seçkiləri keçirildi, Birinci çağırış Milli Məclis fəaliyyətə başladı. Ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının təminatı üçün hər cür şərait yaradıldı. Öncəki hakimiyyətlərdən miras qalmış siyasi və hərbi senzura ləğv edildi, söz azadlığının təmin edilməsində yeni mərhələyə start verildi.
Azərbaycan əhalisinin güzəranı, sosial rifahı yaxşılaşmağa başladı. Bütün sahələrdə bir-birinin ardınca uğurlar, nailiyyətlər yaşandı. Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ilə Azərbaycanın imzası imzalar içində tanındı. Azərbaycan dünyaya günəş kimi doğdu, şəfəq saçdı.
Bəli, bütün bunlar Azərbaycan xalqının Böyük və xilaskar oğlu, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, 3 oktyabr 1993-cü il tarixində ölkənin ilk demokratik Prezidenti seçilməsi ilə baş verdi.
Heydər Əliyev olmasaydı, 1993-cü ilin dəhşətli iyun günlərində Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsəydi, bəlkə də bu gün müstəqil Azərbaycan dövləti olmayacaqdı.
Bəli, bugünkü inkişaf və əmin-amanlığa, intibaha, dünyada imzamızın imzalar içində olmasına görə məhz Ulu Öndər Heydər Əliyevə və son 21 ildə Dahi Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə borcluyuq.
Hər iki müdrik şəxsiyyət bu xalqın milli sərvətidir!