• 16:00 – Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi... 
  • 10:31 – Ruslar bu istiqamətdə İRƏLİLƏDİ 
  • 10:25 – Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək 
  • 10:19 – Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb 

Şamxal Abdullayev: Haqq sözə gərəkdir düz qiymət olsun

men-o-vaxt-televizorda-sizi-qucaqlamisdim

Şamxal Abdullayev - Bakının mərkəzində gözəl bir parkda Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin möhtəşəm abidəsinin ucaldılması bir çox cəhətləri ilə əlamətdar tarixi hadisədir.

Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm etmiş, dövrünün dədə ünvanını almış el ağsaqqalı, ictimai xadimdir.

Aşıq Ələsgərin təkcə Göyçədə və Ermənistan SSR-də deyil, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu erməniləri həmişə narahat etmişdir. Məhz buna görə də 1971-ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində keçirilmısi təşəbbüsünü irəli sürəndə Ermənistan SSR hökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışmışdır.

Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə müraciətindən sonra laqeydlik və düşmənçilik buzu sınmış, 1972-ci ildə Dədə Ələsgərin Göyçədə, doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmış, Göycədə və İrəvanda yubiley tədbiri keçirilmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində Aşıq Ələsgərin yubiley gecələri təşkil edilmiş, Moskvada Kremlin sütunlu salonunda Aşıq Ələsgərə həsr olunmuş yubiley konserti baş tutmuşdur.

Paytaxtımızda Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də böyük saz-söz ustadının doğulub-böyüdüyü, yazıb-yaratdığı, toy-şənlik məclisləri keçirdiyi Göyçə mahalının və bütünlüklə, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın işğal altında olması və bu bölgədən olan soydaşlarımızın 35 ildən artıqdır ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır. Məhz heykəlin açılışındakı nitqində Prezident İlham Əliyevin “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik” fikirləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır.

Aşıq Ələsgərin abidəsinin Bakıda ucaldılması Prezident İlham Əliyevin böyük ustadın anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi  barədə Sərəncamının icrası olaraq həyata keçirilmişdir. Bu Sərəncam dövlət başçımızın həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq sənətinə diqqət və qayğısının ifadəsidir.

Bu abidənin açılışında Prezident İlham Əliyev iştirakı və çıxış etməsi həm də Qərbi Azərbaycandan olan soydaşlarımıza, Qərbi Azərbaycan İcmasına, doğma yurdlarımıza qayıdış istəyimizə hörmət və  dəstəyin ifadəsi kimi dəyərlidir. Aşıq Ələsgərin abidəsi həm də milli-mənəvi dəyərlərimizə hörmətin, milli birliyimizin simvolu kimi əhəmiyyət kəsb edir.

Aşıq Ələsgər bütün həyatı və yaradıcılığı boyu haqqa və ədalətə, düzlüyə, imana, barışa, saflığa, məhəbbətə, sədaqətə, mənəvi təmizliyə nümunə olmuş və nümunəvi dəyərlər yaratmışdır.

Abidənin önəmli cəhətlərindən biri də məkan seçimi ilə bağlıdır. Abidə müəllifi, xalq rəssamı Natiq Əliyevin dəqiq müşahidəsinə görə, yer elə seçilib ki, günün bütün vaxtlarında abidənin üzərinə günəş şüaları düşür və Aşıq Ələsgər sənətinin işığını daim ürəklərə səpələyir.

Aşıq Ələsgər şeirlərindən birində deyir:

Haqq sözə gərəkdir düz qiymət olsun,

Qiyməti verməyə mərifət olsun!

Aşıq Ələsgərin abidəsinin yaradılması həm də haqq sözə verilən dəyər, böyük söz ustadının dediyi kimi, düz qiymətdir, Azərbaycan dövlətinin ədəbiyyatımıza, saz sənətimizə, mədəniyyətə, incəsənətə qayğısıdır.

Aşıq Ələsgərin abidəsinin üzü Qərbi Azərbaycana, Göyçəyə, Ağkilsəyə tərəf qoyulması həm də o yurdlara qayıdışımıza inamımızın təcəssümüdür. Mən bu gün bir daha ürəkdən inandım ki, biz Göyçəyə qayıdacağıq, Ağkilsəyə dönəcəyik.

Mən bu gün Aşıq Ələsgərin abidəsinin açılış mərasimində iştirak edərkən bir daha qəti əmin oldum ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz mütləq Zəngəzura dönəcəyik, Uruda qayıdacağıq!

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER